ELM VƏ TƏHSİL
Tyutorların yekun imtahanı olub
Bakı, 3 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) tyutorların yekun imtahanı olub.
Universitetin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, imtahanda 28 nəfər iştirak edib.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tyutor hazırlığı kursları barədə məlumat verib. Qeyd olunub ki, 2008-ci ildən başlayaraq Avropa İttifaqının “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kurslarına başlanılıb. Əvvəlki buraxılışlarda Bakı Dövlət Universiteti və respublikanın aparıcı ali təhsil ocaqları üçün 217 tyutor hazırlanıb. BDU və digər ali təhsil ocaqları üçün təşkil olunmuş tyutor hazırlığı kursları 2014-cü il noyabrın 1-dən 2015-ci il iyunun 30-dək işini davam etdirərək yeddinci buraxılışını başa vurub.