SİYASƏT
ÜAK-ın Nijni Novqorod bölməsi Böyük Qələbənin 70 illiyi ilə əlaqədar bayram tədbiri keçirib
Moskva, 7 may, AZƏRTAC
Ümumrusiya Azərbaycan Konqresinin Nijni Novqorod regional bölməsi (ÜAK NRB) Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri təşkil edib.
ÜAK NRB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dəmiryolçuların Mərkəzi mədəniyyət sarayında şəhərin və vilayətin veteranları, arxa cəbhə əməkçiləri, rəsmi şəxsləri, ictimai təşkilatların, milli birliklərin, Azərbaycan icmasının nümayəndələri görüşüblər. ÜAK NRB fəalları qonaqlara “Biz birlikdə qələbə çaldıq! Azərbaycan 1941-1945-ci illərin Böyük Vətən müharibəsində” adlı məcmuələr, “Azerbaydjanski konqress” qəzetinin və “İRS-Naslediye” beynəlxalq Azərbaycan jurnalının sonuncu buraxılışlarını paylayıblar.
Nijni Novqorod şəhərinin rəhbəri Oleq Sorokin öz çıxışında qeyd edib ki, Azərbaycan xalqı müharibənin lap ilk günündən digər millətlərin nümayəndələri ilə birlikdə çiyin-çiyinə döyüşüb. Babalarımız birlikdə, bir cərgədə döyüşərək faşist taununu Vətənimizdən və Avropadan qovub, Berlinə birlikdə daxil olub və Qələbə bayrağını Brandenburq darvazası üzərinə cancıblar. Azərbaycanın müharibəyə getmiş hər iki sakinindən biri döyüş meydanında həlak olub. Oleq Sorokin Nijni Novqorodda Azərbaycan diasporunun sıx birliyini xüsusi vurğulayıb, şəhər iqtisadiyyatının və mədəniyyətinin möhkəmlənməsinə azərbaycanlıların köməyini yüksək qiymətləndirib. Şəhərin rəhbəri həmçinin qeyd edib ki, milli diasporlar öz qəhrəmanlarını unutmur, onları yad edir və bütün müharibə veteranlarına kömək edirlər.
ÜAK NRB-nin icraçı direktoru, Rusiya Jurnalistlər İttifaqının üzvü Roman Ağayev Böyük Vətən müharibəsində Azərbaycanın ümumi Qələbəyə böyük köməyindən bəhs edib. O bildirib ki, 400 min nəfərdən çox azərbaycanlı hərbi şücaətinə və qəhrəmanlıqlarına görə döyüş orden və medalları ilə təltif edilib, 123 nəfər Azərbaycan hərbçisi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, Həzi Aslanov bu fəxri adı iki dəfə qazanıb. O, sözünə əlavə edərək deyib ki, Azərbaycanda heç vaxt İkinci Dünya müharibəsinin yekunlarına yenidən baxılmasına azacıq da olsa, cəhd göstərilməyib, çünki Azərbaycan xalqı böyük Qələbə naminə həlak olanların nurlu xatirəsini və qəhrəmanların hünərini əziz tutur.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Nijni Novqorodun Kanavino Rayonu Administrasiyasının rəhbəri Vitali Kovalyov və başqaları veteranları təbrik edib, Azərbaycanın Böyük Vətən müharibəsinə köməyindən ətraflı danışıblar.
Tədbirdə “416-cı diviziya – Biz birlikdə qələbə çaldıq!” adlı sənədli film nümayiş etdirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva