SİYASƏT
ÜAK və RAGB fəalları Novruz bayramına həsr olunan fləşmob keçiriblər
Moskva, 19 mart, AZƏRTAC
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları “AZEproject”in dəstəyi ilə Moskvada Azərbaycanın ən sevimli bayramlardan olan Novruza həsr edilən fləşmob formatında aksiya keçiriblər.
Bu bayram ovqatlı yaz günündə milli libaslar geyinmiş azərbaycanlı tələbələr Moskvanın mərkəzi küçələrindən keçərək yoldan ötənləri Novruzun simvollarından olan şəkərbura və paxlavaya qonaq ediblər. Küçələrdəki adamlar azərbaycanlı tələbələrə yanaşaraq, bayramın ənənələri və adətləri ilə maraqlanıblar. Fləşmob zamanı gənclər moskvalılara Novruz bayramı, onun mənası, tarixi haqqında danışıblar.
Fləşmob iştirakçıları çox gözəl bayram günü keçiriblər. Onlar hamını yaz bayramı olan Novruzun gəlişi münasibətilə təbrik ediblər, səmimi qəlbdən ən yaxşı arzularını bildiriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva