İDMAN
UEFA Avropa Liqası: “Qəbələ” qrup mərhələsində növbəti oyununu keçirib
Bakı, 29 sentyabr, Elşad Qəzvini, AZƏRTAC
Sentyabrın 29-da “Qəbələ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Almaniyanın “Maynts” klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz “8-ci kilometr” qəsəbə stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı “Maynts” komandası açıb. Matçın 41-ci dəqiqəsində Yoşinori Muto “Qəbələ”nin qapısına yol tapıb - 0:1. Komandalar fasiləyə bu hesabla yollanıblar.
“Qəbələ” matçın ikinci hissəsinə sürətli hücumlarla başlayıb və 57-ci dəqiqədə istəyinə çatıb. Ruslan Qurbanov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 1:1. Beş dəqiqə sonra Sergey Zenyov baxımlı zərbə ilə “Qəbələ”ni hesabda irəli çıxarıb - 2:1. Lakin “Maynts” 68-ci dəqiqədə Con Kordobanın qolu ilə hesabı bərabərləşdirib - 2:2. Oyunun 78-ci dəqiqəsində isə “Qəbələ”ni əks-hücumda “yaxalayan” qonaqlar Levin Mete Öztunalinin qolu ilə oyunda son nöqtəni qoyublar 2:3. “Qəbələ”nin cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə oyunda qol olmayıb və görüş bu hesabla da başa çatıb.
Qeyd edək ki, “Qəbələ” – “Maynts” matçını UEFA-nın prezidenti Aleksander Çeferin də izləyib.