İDMAN
UEFA Avropa Liqası: “Qəbələ” Fransanın “Sent-Etyen” komandası ilə qarşılaşıb
Bakı, 3 noyabr, Elşad Qəzvini, AZƏRTAC
Noyabrın 3-də “Qəbələ” klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “C” qrupunda mübarizə aparan təmsilçimiz “8-ci kilometr” qəsəbə stadionunda Fransanın “Sent-Etyen” komandasını qəbul edib.
İspaniyalı referi Karlos Del Serro Qrandenin idarə etdiyi matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rəşad Sadiqov, Sergey Zenyov, Ruslan Qurbanov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Teo Uiks və Rəşad Eyyubov yer alıblar.
Fransa təmsilçisinin ilk onbirliyində isə meydana Stefan Rufye, Ussama Tannane, Henri Sayvet, Şeyx Mbenqu, Cordan Veretut, Ole Selnaes, Florentin Poqba, Kevin Mone Pake, Loik Perrin, Kevin Malsuit və Robert Beriç çıxıblar.
Komandalar oyuna sürətli templə start verib. Elə birinci dəqiqədə “Sent-Etyen” “Qəbələ”nin qapısında ilk təhlükəli hücum gerçəkləşdirib. Dmitri Bezotosnı isə qonaqların zərbəsini inamla dəf etməyi bacarıb. Fransız klubu hissənin əvvəlində topa sahib olmaqda və hücumameyilli oyunu ilə “Qəbələ”ni bir qədər üstələyib.
Hissənin ortalarına yaxın Roman Qriqorçukun yetirmələri təşəbbüsü ələ alıblar. Müdafiədən çıxmağı bacaran “Qəbələ” 26-cı dəqiqədə rəqib qapısında yaratdığı qol şansını əldən verib. Az keçməmiş qonaqların müdafiəçisi Zenyova qarşı qaydanı pozaraq onun qapıçı ilə təkbətək çıxmasının qarşısını alıb.
Tədricən hücumlarını artıran “Qəbələ” 39-cu dəqiqədə istəyinə çatıb. Ruslan Qurbanov komanda yoldaşının vurduğu zərbəni başı ilə tamamlayaraq “Qəbələ”ni hesabda önə çıxarıb - 1:0.
Ancaq təmsilçimiz hesabı qoruya bilməyib və ani səhv üzündən “Sent-Etyen” 45-ci dəqiqədə Tannanenin zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1. Komandalar fasiləyə bu hesabla yollanıb.
İkinci hissədə qalibiyyət üçün hücumlarını bir qədər də artıran təmsilçimiz əvəzində öz qapısında qol görüb. Beriç 53-cü dəqiqədə qonaqların heyətində fərqlənib - 1:2. Qalan vaxta bütün qüvvə ilə hücuma atılan “Qəbələ” hesabda dönüş yarada bilməyib və tablodakı rəqəmlər oyunun sonunadək dəyişməyib.
Beləliklə, dörd turdan sonra xal qazana bilməyən “Qəbələ” Avropa Liqasında mərhələ adlamaq şansını itirib. Eyni qrupda oynanılan “Anderlext” (Belçika) – Maynts (Almaniya) görüşündə isə meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.
“Qəbələ” növbəti oyununu noyabrın 24-də Bakıda “Anderlext”ə qarşı keçirəcək.