İDMAN
UEFA Avropa Liqası: “Qəbələ”, “Kəpəz” və “Neftçi” klubları növbəti mərhələdə
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın üç klubu cavab qarşılaşmasında lazımi nəticə əldə edərək II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Gəncənin “Kəpəz” klubu ilk görüşdə rəqibi Moldovanın “Daçya” komandasının müqavimətini qıra bilməsə də, cavab qarşılaşmasında özünə lazım olan qələbəni qazanmağı bacarıb. Səfərdə 57-ci dəqiqədə F.S.Darionun vurduğu yeganə qolla rəqibinə qalib gələn gəncəlilər növbəti mərhələyə yüksəliblər.
Qəbələnin eyniadlı komandası da azarkeşlərini sevindirməyi bacarıb. “Qəbələ” klubu ilk görüşdə qazandığı 5:1 hesablı qələbə sayəsində demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin etmişdi. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, Roman Qriqorçukun yetirmələri növbəti mərhələyə adlayıblar.
Bakının “Neftçi” klubu öz meydanında Maltanın “Balzan” komandasına 1:2 hesabı ilə məğlub olub. Buna baxmayaraq, səfərdəki 2:0 hesablı qələbə paytaxt klubunun II təsnifat mərhələsinə çıxmasına kifayət edib.