İDMAN
UEFA Avropa Liqası: “Qəbələ” qrup mərhələsinə vəsiqə uğrunda səfərdə “Maribor”la qarşılaşacaq VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 25-də UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” klubu da qrup mərhələsində çıxış etmək üçün mübarizə aparacaq.
İlk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələn “Qəbələ” səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmələri ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək üçün Sloveniyadan sərfəli nəticə ilə dönməlidir. Azərbaycan çempionatının bürünc medalçısının ilk oyundan sonra şansları yüksək qiymətləndirilir.
Hücum futbolu ilə diqqət çəkən “Qəbələ” cari mövsüm keçirdiyi bütün Avrokubok matçlarının səfər görüşlərində rəqib qapısına yol tapmağı bacarıb.
Bundan başqa, “Qəbələ” klub tarixində yeni səhifə açmağa da çox yaxındır. Belə ki, təmsilçimiz üstünlüyünü qorusa, ardıcıl iki dəfə dörd mərhələ adlamaqla tarixə düşəcək.