İDMAN
UEFA Avropa Liqasında komandalarımızın növbəti oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
Bakı, 31 oktyabr, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ” və “Qəbələ” komandalarının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirəcəkləri oyunları idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin “C” qrupunda yer alan “Qəbələ” komandası Fransanın “Sent-Etyen” klubunu qəbul edəcək. “J” qrupunda mübarizə aparan “Qarabağ” isə Yunanıstanın PAOK komandasının qonağı olacaq.
Noyabrın 3-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ”–“Sent Etyen” qarşılaşmasını ispaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Karlos Del Serro Qrande olacaq. Qarşılaşma saat 22:00-da başlayacaq.
Noyabrın 4-də Salonikidə baş tutacaq “PAOK”-“Qarabağ” oyununun idarə olunması isə şotlandiyalı hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Con Biton olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.