İDMAN


UEFA Avropa Liqasında yarımfinalçılar məlum olub

Bakı, 21 aprel, Əsəd Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı futbolsevərlərin də maraqla izlədiyi oyun İstanbulda “Beşiktaş” və “Lion” klubları arasında keçirilib. Fransada keçirilən ilk oyunda son dəqiqələrdə qələbəni əldən verən Şenol Günəşin yetirmələri cavab qarşılaşmasında Anderson Taliscanın 27-ci dəqiqədə vurduğu qolla hesabı açıblar. Oyunun 34-cü dəqiqəsində Alexandre Lacazette “Lion”un bərabərlik qoluna imza atıb. İkinci hissənin 58-ci dəqiqəsində Anderson Talisca meydan sahiblərini yenidən hesabda önə çıxardıb. 90 dəqiqə bu hesabla başa çatıb. İki oyunun nəticəsinə görə hesab bərabər olduğundan əlavə vaxt oynanılıb. Hər iki komandanın cəhdlərinə baxmayaraq əlavə vaxtda fərqlənmək mümkün olmayıb. Cütün taleyinə penalti zərbələrindən sonra aydınlıq gəlib. Fransa təmsilçisi penalti zərbələrindən sonra 6-7 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

UEFA Avropa Liqasının favoritlərindən olan “Mançester Yunayted” Belçikanın “Anderlext” klubu ilə qarşılaşıb. “Qırmızı şeytanlar” Belçikada 1:1 hesablı heç-heçə edərək cavab qarşılaşması üçün sərfəli nəticə əldə etmişdilər. Meydan sahibləri oyunun 10-cu dəqiqəsində hesabı açıblar. Lakin qonaqlar 32-ci dəqiqədə hesabda tarazlığı bərpa ediblər. 90 dəqiqə ərzində başqa bir qol olmayıb. Meydan sahibləri yalnız əlavə vaxtda qələbə topunu vura biliblər. Markus Raşford 107-ci dəqiqədə “Mançester Yunayted”i növbəti mərhələyə çıxaran qolu vurub.

Belçikanın “Genk” və İspaniyanın “Selta Viqo” komandalarının qarşılaşması isə 1:1 bərabərliklə başa çatıb. İspaniya təmsilçisi iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Hollandiyanın “Ayaks” və Almaniyada “Şalke” klublarının qarşılaşması isə daha dramatik keçib. Evdə iki cavabsız qolla qalib gələn hollandiyalılar cavab oyununun 90 dəqiqəsi ərzində qapılarında iki qol görüblər. İki oyunun nəticəsinə görə hesab bərabərləşdiyindən qalib əlavə vaxtda müəyyənləşib. Əvvəlcə meydan sahibləri üstünlüklərini üç topa çatdırıblar. Ancaq hollandiyalılar əlavə vaxtda iki dəfə fərqlənməyi bacarıblar. Qarşılaşma Almaniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, iki oyunun nəticəsinə görə “Ayaks” adını yarımfinala yazdıran tərəf olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.