İDMAN
UEFA Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb
Bakı, 18 iyul, AZƏRTAC
UEFA Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ötən mövsümün ən yaxşısı adına 10 futbolçu iddialıdır.
Assosiasiyaya üzv olan 55 ölkənin jurnalistləri arasında aparılan sorğunun nəticələrinə əsasən, bu mükafata namizədlər siyahısında Qaret Beyl (Uels, “Real”), Canluici Buffon (İtaliya, “Yuventus”), Antuan Qrizmann (Fransa, “Atletiko”), Toni Kroos (Almaniya, “Real”), Lionel Messi (Argentina, “Barselona”), Tomas Müller (Almaniya, “Bavariya”), Manuel Noyer (Almaniya, “Bavariya”), Pepe (Portuqaliya, “Real”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”) və Luis Suares (Uruqvay, “Barselona”) yer alıblar.
Hər respondentin 5 futbolçuya səs verdiyi sorğuda digər 27 oyunçu isə geridə qalıb.
2015/2016-cı il mövsümünün ən yaxşısını seçən jurnalistlər arasında ikinci sorğudan sonra namizədlərin sayı üçə enəcək. Onların adları isə avqustun 5-də açıqlanacaq. Mövsümün ən yaxşısı isə avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı bəlli olacaq və mükafata qovuşacaq.
Qeyd edək ki, 2011-ci ildən təqdim olunan mükafatı indiyədək Lionel Messi (2011-ci il, 2015-ci il), Andres İnyesta (2012-ci il), Frank Riberi (2013-cü il) və Kriştianu Ronaldo (2014-cü il) qazanıblar.