İDMAN
UEFA Bakının sifarişini müsbət qiymətləndirib
Sentyabrın 19-da UEFA 2020-ci ildə futbol üzrə Avropa Çempionatı matçlarının keçiriləcəyi 13 şəhəri elan edəcək
Bakı, 12 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da UEFA 2020-ci ildə futbol üzrə Avropa Çempionatı matçlarının keçiriləcəyi 13 şəhəri elan edəcək.
19 iddiaçı şəhərdən biri Bakıdır. AZƏRTAC Azərbaycan paytaxtının bu böyük turnirin bir hissəsini qəbul etməyə hazır olması barədə UEFA-nın hesabatından bəzi çıxarışları təqdim edir.
Konseptuallıq və varislik
Bakının ambisiyalı sifarişi UEFA-nın bütün Avropada futbolu populyarlaşdırmasına, yeni bazarlar açmasına və əhatə dairəsini genişləndirməsinə, habelə ölkə daxilində futbolun inkişafını sürətləndirməyə imkan verəcəkdir.
Sosial məsuliyyət və sabitlik
Bakı sosial məsuliyyət və sabitlik baxımından strateji zəmanətlər təqdim edib. Biz həmin zəmanətləri qənaətbəxş hesab edirik.
Siyasi və iqtisadi aspektlər
Azərbaycanda siyasi və iqtisadi vəziyyət sabitdir, milli assosiasiya dövlətlə sıx əlaqə saxlayır. Bütün tərəflər bu sifarişə çox qayğı ilə yanaşırlar.
Stadion
Bakı Olimpiya Stadionu hazırda tikinti mərhələsindədir, lakin gələn il tam şəkildə istifadəyə veriləcəkdir. 69.870 tamaşaçı tutan bu stadionun dəyəri 710.600.000 avroya bərabərdir. Stadionun sahibi Gənclər və İdman Nazirliyidir. Bakı Olimpiya Stadionu öz tutumuna və şəraitinə görə UEFA standartlarına tam müvafiqdir. Stadionun təhlükəsizliyi ən yüksək səviyyədədir. Arenadan təxliyə üçün tələb olunan maksimal vaxt səkkiz dəqiqədir.
Mobillik
Azərbaycan paytaxtı yaxınlıqdakı ölkələrin şəhərləri ilə avtomobil yolları vasitəsilə də bağlı olduğuna baxmayaraq, Bakıya beynəlxalq gəliş-gediş əsasən aviasiya nəqliyyatı ilə həyata keçirilir. Heydər Əliyev aeroportunun tutumu AVRO-2020-yə gələcək qonaqların və azarkeşlərin potensial sayına müvafiqdir, ölkənin əsas aviaşirkəti isə gecə reysləri ilə bağlı bütün məhdudiyyətlərin Avropa Çempionatı dövründə götürüləcəyini artıq təsdiqləyib.
Yerləşmə
Bakıdakı otellərin sayı fanatların yalnız bir qisminin otellərdə yerləşdirilməsinə imkan verir. Lakin burada kirayə mənzillər, qonaq evləri, habelə universitetlərin yataqxanaları kimi alternativ variantlar da vardır. Mədəniyyət və Turizm Nazirliyi UEFA-nın hədəf qruplarının və azarkeşlərin yerləşdiriləcəyinə zəmanət verib. Komandalar üçün otellər ən yüksək səviyyədədir. Potensial məşq meydanları bütün standartlara cavab verir.
Promouşn
Sifarişdə fan-zonalar üçün çox cəlbedici yerlər də nəzərdə tutulub. Bakının beynəlxalq turnirlərə ev sahibliyi etmək təcrübəsi çox olmasa da, bu təcrübə artmaqdadır.