İDMAN


UEFA Çempionlar Liqası: Azərbaycan çempionu Çexiyanın “Viktoriya” klubuna qarşı

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” futbolu Çempionlar Liqasının III təsnifat mərhələsində son Çexiya çempionu “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, “Viktoriya” 1911-ci ildə Çexiyanın Plzen şəhərində yaradılmış futbol klubudur. Bir neçə dəfə adını dəyişən klub son olaraq 1993-cü ildən hazırki adını daşıyır. Komanda ev oyunlarını 11 min 722 tamaşaçı tutumu olan “Dusan Arena”da keçirir.

Plzen təmsilçisi 4 dəfə ölkə çempionu olmağı bacarıb (2010-2011-ci il, 2012-2013-cü il, 2014-2015-ci il və 2015-2016-cı il). İki dəfə Çexiya kubokunu qazanan (1970-1971-ci il, 2009/2010-cu il) “Viktoriya”, iki dəfə də Super Kuboku (2010-2011-ci il və 2015-2016-cı il) başı üzərinə qaldırıb.

Çexiya klubu tarixi ərzində təsnifat mərhələsi də daxil olmaqla Çempionlar Liqasında 26 matçda 15 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət görüb. Avropa Liqasında isə meydana çıxdığı 34 qarşılaşmada 16 dəfə qələbə sevinci yaşayan çexlər, 7 matçdan sülhlə ayrılıb, 11 dəfə də meydanı məğlub tərk ediblər.

“Viktoriya” 2011/2012-ci il mövsümündə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. “Barselona” və “Milan”dan sonra qrupda 3-cü yeri tutan komanda mübarizəni Avropa Liqasında davam etdirib. Burada “Şalke”yə məğlub olan “göy-qırmızılar” çıxışını dayandırıb. 2012/2013-cü il mövsümündə Avropa Liqasının qrupunda mübarizə aparan Plzen təmsilçisi “Atletiko”, “Akademika” və “Hapoel” ilə mübarizə aparıb. “Viktoriya” 1/16 finala vəsiqə qazana bilib və bu mərhələdə İtaliya “Napoli”sini mübarizədən kənarlaşdırıb. Çexiya təmsilçisi 1/8 finalda isə “Fənərbağça”ya (Türkiyə) məğlub olub.

2013/2014-cü il mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək hüququ əldə edən “Viktoriya” “Mançester Siti”, ÇSKA və “Bavariya” kimi klublarla qarşılaşmalı olub. Qrupda 3 xal toplayan və mübarizəni Avroliqada davam etdirmək imkanı qazanan "Viktoriya" əvvəlcə Ukrayna “Şaxtyor”unu mübarizədən kənarlaşdırsa da, daha sonra “Lion” səddini aşa bilməyib.

2014/2015-ci il mövsümündə Avroliqada iştirak edən “Viktoriya” mübarizəyə III təsnifat mərhələsindən qoşulub. Bu mərhələdə Rumıniyanın “Petrolul” komandasına uduzub.

Ötən mövsümü isə “Viktoriya” Çempionlar Liqasının III təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə bacarmayıb. Plzen təmsilçisi Avroliqanın pley-off mərhələsində isə Serbiyanın "Voyvodina" klubunu mübarizədən kənarlaşdırıb. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Çexiya təmsilçisi "Dinamo” (Belarus), “Vilyarreal” və “Rapid” klubları ilə mübarizə aparıb, lakin növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Komandaya 2011-ci ildən yerli mütəxəssis Roman Pivarnik rəhbərlik edir. “Viktoriya”nın heyətində cəmi 2 ölkədən olan futbolçular çıxış edir. Komandanın əsasını çexiyalılar təşkil edir. Onlarla yanaşı, “Viktoriya”da 5 slovakiyalı legioner var.

“Qarabağ” klubu “Viktoriya” ilə ilk oyununu iyulun 26-da səfərdə, cavab matçını isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.