İDMAN
UEFA Çempionlar Liqası: “Bavariya”-“Atletiko” görüşündə ilk finalçı bəlli olacaq
Bakı, 3 may, AZƏRTAC
Bu axşam futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab görüşündə Almaniyanın “Bavariya” klubu İspaniya “Atletiko”sunu qəbul edəcək.
Münhendəki “Alyans Arena”da Bakı vaxtı ilə saat 22:45-də başlanacaq qarşılaşmanı türkiyəli referi Cüneyt Çakır idarə edəcək. Komandalar arasında ötən həftə keçirilmiş ilk qarşılaşmada “Atletiko” qalib gəlib - 1:0. Final oynamaq üçün meydan sahibləri ən azı iki top fərqi ilə qalib gəlməlidir. Qonaqları isə istənilən hesablı heç-heçə də qane edəcək.
“Bavariya” bu mövsüm Çempionlar Liqasında bütün 5 ev oyununda qalib gəlib və ümumilikdə 19 qol vurub. Xosep Qvardiolanın baş məşqçi olduğu komandası səkkizdəbir finalda İtaliya “Yuventus”nu, dörddəbirdə isə Portuqaliyanın “Benfika” klubunu yarışdan kənarlaşdırıb.
Dieqo Simeonenin komandası səkkizdəbir finalda Hollandiya PSV-sini, dörddəbirdə isə “Barselona”dan üstün olub.
“Bavariya” 2013-cü ildə Çempionlar Liqasını qazansa da, sonrakı iki mövsümdə yarımfinalda məhz İspaniya klubları “Real Madrid” (0:1, 0:4) və “Barselona”ya (0:3, 3:2) uduzub. Hər iki halda Qvardiolanın komandası ilk görüşdəki məğlubiyyətin əvəzini çıxa bilməyib, uduzduğu komandalar isə Çempionlar Liqasının qalibi olub.