İDMAN
UEFA Çempionlar Liqası: final oyununun birinci hissəsi heç-heçə başa çatıb – 1:1
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də “Real Madrid” (İspaniya) və “Yuventus” (İtaliya) komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının final oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar Uelsin paytaxtı Kardiffdəki 74,5 min tamaşaçı tutumuna malik “Millennium” stadionunda üz-üzə gəliblər.
Gərgin mübarizə şəraitində keçən ilk hissədə hesab 20-ci dəqiqədə açılıb. “Real Madrid” Ronaldonun dəqiq zərbəsi ilə önə keçib - 1:0. Yeddi dəqiqə sonra bərabərlik təmin olunub. Bu dəfə Manzukiç adını tabloya yazdırıb. Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.
Qeyd edək ki, hər iki komanda sonuncu dəfə 2015-ci ildə bu turnirin yarımfinalında qarşılaşıb. Həmin vaxt mərhələni adlayan komanda “Yuventus” olmuşdu. Komandalar indiyədək finalda cəmi bir dəfə - 1998-ci ildə üz-üzə gəliblər. “Real Madrid” Miyatoviçin qolu ilə minimal hesabla qalib gələrək, 30 illik fasilədən sonra kuboka yiyələnmişdi.