İDMAN


UEFA Çempionlar Liqasının beşinci turunda bu turnirin tarixində yeni rekord qeydə alınıb

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “E”, “F”, “G” və “H” qruplarında beşinci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, bu qruplarda keçirilən 8 qarşılaşmada qapılara ümumilikdə 28 qol vurulub.

“F” qrupunda oynanılan “Borussiya Dortmund”-“Legia Varşava” oyununda Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşib. Dortmundluların 8:4 hesablı qələbəsi ilə başa çatan qarşılaşma ən məhsuldar oyun kimi bu mötəbər turnirin tarixinə düşüb. Xatırladaq ki, bu göstərici üzrə bundan əvvəlki rekord nəticə 2003-cü il noyabrın 5-də “Monako”-“Deportivo” matçında (8:3) qeydə alınmışdı.

Bu qrupun digər oyununda “Sportinq” komandası doğma meydanda “Real Madrid”ə məğlub olub – 1:2.

Bununla da “F” qrupunda “Borussiya Dortmund” (13 xal) və “Real Madrid” (11 xal) növbəti mərhələyə vəsiqəni təmin ediblər. Hesabında 3 xal olan “Sportinq” və 1 xal toplayan “Legia Varşava” sonuncu turda UEFA Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaqlar.

“E” qrupunda “Monako” Londonun “Tottenhem” komandası üzərində qazandığı 2:1 hesablı qələbə ilə xallarının sayını 11-ə çatdırıb və qrupda liderliyini rəsmiləşdirərək növbəti mərhələyə vəsiqəni təmin edib. Moskvada keçirilən “CSKA”-“Bayer Leverkuzen” qarşılaşması isə heç-heçə başa çatıb – 1:1.

Bu qrupda “Bayer Leverkuzen” 7 xalla ikinci, “Tottenhem” isə 4 xalla üçüncü pillədədir. “CSKA”nın aktivində isə 3 xal var.

“G” qrupunda İngiltərə təmsilçisi “Lester Siti” doğma meydanda qrupun autsayderi “Brügge” üzərində 2:1 hesablı qələbə qazanıb. Digər oyunda isə “Kopenhagen”-“Portu” qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.

Beləliklə, “G” qrupunda “Lester Siti” 13 xalla qrup birincisi kimi növbəti mərhələyə yüksəlib. “Portu” 8 xalla ikinci, “Kopenhagen” 6 xalla üçüncüdür. “Brügge”nin isə hesabında xal yoxdur.

“H” qrupunda “Olimpik Lion” səfərdə Zaqrebin “Dinamo” komandası üzərində minimal hesablı qələbə qazanıb. “Yuventus” isə səfərdə “Sevilya”nı 3:1 hesabı ilə məğlub edərək qrupda liderliyi ələ keçirib.

Beş turdan sonra bu qrupda “Yuventus” 11 xalla birinci, “Sevilya” 10 xalla ikincidir. Qrupda üçüncü olan “Olimpik Lion”un aktivində 7 xal var. Hesabında xal olmayan “Dinamo Zaqreb” isə qrupda sonuncu sıradadır.

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “A”, “B”, “C” və “D” qruplarında beşinci turun oyunları noyabrın 24-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.