İDMAN
UEFA Türkiyə klublarının ev oyunlarının vaxtında dəyişiklik edib
Bakı, 23 sentyabr, AZƏRTAC
UEFA Türkiyə klublarının Çempionlar və Avropa liqalarının qrup mərhələsindəki ev oyunlarının başlanma vaxtlarını dəyişdirib.
AZƏRTAC xəbər verir ki, bu, oktyabrın 30-dan keçiriləcək matçlara, yəni qrup mərhələsində ikinci dövrə oyunlarına aiddir. Dəyişiklik onunla bağlıdır ki, Türkiyədə yaydan qış vaxtına keçid ləğv olunub. Nəticədə Çempionlar Liqasının oyunları yerli vaxtla 22:45-də, Avropa Liqasında 00:05-də başlaması həddən artıq gec vaxt sayılır. Avropanın ən nüfuzlu klub turnirində matçlar 20:45-də başlayacaq. Avroliqa üçünsə bu, saat 19:00-a təyin olunub.
Bundan əlavə, Avropa Liqasında qrup mərhələsinin son turunda Türkiyə klubunun rəqiblərinin vaxtı dəyişdirilib. Belə ki, Türkiyədə “Konyaspor” – “Gent” oyunu 19:00-da başlayacağından, “Braqa” – “Şaxtyor” qarşılaşması da həmin vaxta salınıb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Qazaxıstandakı oyunları da tez başlayır.