DÜNYA
UKRAYNADA İRQİ VƏ DİNİ DÖZÜMSÜZLÜYƏ GÖRƏ MƏSULİYYƏT SƏRTLƏŞDİRİLƏCƏK
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ukraynanın Millətlərin İşləri və Miqrasiya üzrə Dövlət Komitəsinin sədri Gennadi Moskal bildirmişdir ki, onun idarəsi ksenofobiya (əcnəbilərə nifrət), antisemitizm, irqi və dini dözümsüzlük təzahürləri üstündə məsuliyyəti sərtləşdirən qanun layihəsi hazırlamağa başlamışdır. Söhbət İnzibati Məcəllədə dəyişikliklər aparılmasından, bu və ya digər millətin, yaxud dinin nümayəndələrini təhqir edən çap məhsulunun hazırlanmasına və yayılmasına görə məsuliyyət tətbiq olunmasından gedir. İctimai yerlərdə divarların və ya dirəklərin üstündə bu məzmunda sözlər yazanlar üçün də məsuliyyət nəzərdə tutulacaqdır.
Qanun layihəsini hazırlayanların fikrincə, antisemitizm və ya ksenofobiya xarakterli xəbərləri efirə verən, yaxud dərc edən teleradio şirkətlərinin və çap KİV-lərinin fəaliyyətinə daha ciddi nəzarət qoyulmalıdır. Belə çap məhsulu müsadirə edilməli, millətlərarası və ya dini ədavəti qızışdırmaqla müntəzəm məşğul olan KİV-lər isə buna görə cinayət məsuliyyəti daşımalıdırlar.
Son siyahıya almaya görə, 47,441 milyon əhalisi olan Ukraynada 37,5 milyon ukraynalı, 8,3 milyon rus, təxminən 250 min Krım tatarı, belaruslar, moldovanlar, azərbaycanlılar, bolqarlar, macarlar, rumınlar, polyaklar, yəhudilər, ümumən, 130-dan artıq millət və xalqın nümayəndələri yaşayırlar.