SİYASƏT
UKRAYNA PAYTAXTININ MƏRKƏZİ MEYDANINDA NOVRUZ BAYRAMI KEÇİRİLƏCƏK
Kiyevdə soydaşlarımız tərəfindən təntənə ilə qeyd ediləcək Novruz bayramı münasibətilə tədbirlərə hazırlıq başlanmışdır. Tədbirlər Azərbaycanın Kiyevdəki səfirliyinin, Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyinin himayəsi ilə keçiriləcəkdir.
Səfirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, artıq Təşkilat Komitəsi yaradılmışdır. Onun həmsədrləri Ukraynanın mədəniyyət naziri Yuri Boqutski və səfir Tələt Əliyevdir. Bahar və ümidlər bayramının Ukrayna paytaxtının mərkəzi meydanında və baş küçəsində - Nezalejnosti (Müstəqillik) meydanında və Kreşşatikdə keçirilməsinə Kiyevin meri A.Omelçenko da razılıq vermişdir.
Teatrlaşdırılmış mərasim tamaşasının ssenariləri seçilmiş, Azərbaycan və Ukraynanın ən yaxşı peşəkar və musiqi-rəqs kollektivləri müəyyənləşdirilmişdir. Tanınmış quruluşçu teatr rejissoru, Azərbaycanın xalq artisti Cənnət Səlimova səfirliyimizin və Ukrayna Azərbaycanlıları Konqresinin dəvəti ilə Kiyevə gəlmişdir. O, artistlərin bayram çıxışlarının hazırlanmasına rəhbərlik edəcəkdir.
Bayram tədbirlərinin hazırlanmasında və keçirilməsində səfirliklə yanaşı, Azərbaycanın Mədəniyyət Nazirliyi və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, habelə Ukraynanın Mədəniyyət və İncəsənət Nazirliyi, Ukrayna Azərbaycanlıları Konqresi, Krım tatarlarının yaradıcılıq kollektivləri, Ukrayna Ali Radasının deputatları da iştirak edəcəklər.
AZƏRTAC-ın müxbiri Cənnət Səlimovadan Kiyevdə Novruz bayramına artıq başlanmış olan hazırlıq barədə təəssüratlarını bölüşməyi xahiş etmişdir. O, demişdir:
-Çox sevindirici haldır ki, Ukraynanın, o cümlədən də paytaxtın hakimiyyət orqanları azərbaycanlıların ən başlıca bayramlarından biri olan Novruzu gözəl Kiyev şəhərinin mərkəzində keçirməyə icazə vermişlər. Kiyevlilər maraqlı çox şey görəcəklər. Novruz bayramının iştirakçıları Azərbaycan və Ukrayna klassiklərinin ən yaxşı əsərləri, folklor və estradası ilə tanış olacaqlar. Bu bayramda səhnəmizin bir çox ulduzlarının da iştirakı gözlənilir. Lakin onların adlarını hələlik sirr saxlayırıq. Bayram iştirakçıları zəngin və misilsiz Azərbaycan mətbəxi ilə də tanış ola biləcəklər.
Beləliklə, martın 22-də saat 18-də Kiyevdə böyük bahar bayramı- Azərbaycanın ənənələr və mədəniyyət günü keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev