REGİONLAR
ÜMUMİ DAXİLİ MƏHSUL 9 FAİZ ARTMIŞDIR
Cari ilin 7 ayı ərzində Azərbaycan iqtisadiyyatına 5321,5 milyard manat sərmayə qoyulmuşdur ki, bu da 2001-ci ilin həmin dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bütün sərmayələrin 4173 milyard manatı və ya 78 faizi xarici, 1148 milyard manatı və ya 21 faizi yerli kapitalın payına düşür. Bunu AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirmişlər. Bundan əlavə, 2002-ci ilin yanvar-iyul aylarında ölkənin ümumi daxili məhsulu 9 faiz və ya 14740 milyard manat artmışdır. Ölkənin hər bir sakininə 1867 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çoxdur. ÜDM-nin strukturunda sənaye istehsalının payı 38,8 faiz, nəqliyyat və rabitənin 13,8 faiz, kənd təsərrüfatının 12,5 faiz, tikintinin 7,2 faiz, sosial-məişət xidmətlərinin 20 faiz, ticarətin payı 7 faizdır.
Bu ilin 7 ayı ərzində bank kreditləri ötən illə müqayisədə 5 dəfə artaraq, 691 milyard manat təşkil etmişdir.
Müəssisə və təşkilatların təsərrüfatın müxtəlif sahələrinə sərmayə qoyuluşu 86 faiz artaraq 4233 milyard manat olmuşdur. Əhali isə respublika iqtisadiyyatına 255 milyard manat sərmayə qoymuşdur.
2002-ci ilin iyul ayında istehlak qiymətləri iyun ayına nisbətən 0,4 faiz aşağı düşmüşdür. Ötən ay meyvə və tərəvəz 4,7 faiz, süd məhsulları və tikinti materialları 0,9 faiz, təsərrüfat malları isə 0,1 faiz ucuzlaşmışdır.