ELM VƏ TƏHSİL
UNEC Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı genişləndirir
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Stefani Düfo ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə UNEC ilə DAAD arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. DAAD ilə əməkdaşlıqda maraqlı olduğunu deyən rektor “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin reallaşdırılmasında Alman Akademik Mübadilə Xidmətinin böyük rolu olduğunu qeyd edib.
S.Düfo DAAD ilə sıx əməkdaşlıq edən ali məktəblər arasında UNEC-in aparıcı yerlərdən birini tutduğunu, bu əməkdaşlığın universitetə böyük fayda verəcəyini vurğulayıb.
Görüşdə DAAD ilə birgə yay və qış məktəblərinin təşkili, təlimlərin, seminarların, müsabiqələrin keçirilməsi, UNEC-in alim və doktorantının Almaniya universitetlərində tədqiqat təcrübəsinin təşkili, birgə magistratura proqramının hazırlanması, Azərbaycan və Almaniyanın müxtəlif şirkətlərində təcrübələrin təşkili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinə uyğun olaraq UNEC-in bir müəllimi və on tələbəsi Almaniyanın Siegen universitetində təşkil olunan qış məktəbində iştirak edirlər.