ELM VƏ TƏHSİL
UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir
Bakı, 30 may, AZƏRTAC
Litvanın paytaxtı Vilnüsdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, razılaşma İqtisad Universitetinin magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Bu, UNEC-in ikili diplom haqqında razılaşma imzaladığı Avropa İttifaqına üzv 4-cü ölkənin universitetidir.
Cari ilin sentyabr ayından başlayacaq proqrama qəbul olan magistrlər ilk semestri UNEC-də başa vuraraq ikinci semestrdə Mikolos Romeris Universitetində təhsil alacaqlar. Növbəti üçüncü və dördüncü semestr təhsillərini isə yenidən UNEC-də davam etdirəcəklər.
Qeyd olunan ikili diplom proqramı UNEC-in magistrlərinə bu ali məktəbin professorları ilə yanaşı, Mikolos Romeris Universitetinin professorları ilə elmi-tədqiqat işlərini yerinə yetirmək imkanı da verir. Belə ki, hər iki universitetin professorlarının rəhbərliyi altında dissertasiyalarını uğurla müdafiə edən magistrlərə həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin diplomları təqdim olunacaq.
Səfər zamanı UNEC-in rektoru, professor Ədalət Muradov Mikolos Romeris Universitetinin rektoru, professor Algirdas Monkevičius ilə ikitərəfli əlaqələrin bütün spektrləri haqqında müzakirələr aparıb. Eləcə də proqram üçün seçilən tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstərilməsi razılaşdırılıb.