ELM VƏ TƏHSİL
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinə maraq artır
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinə (BİM) yüksək balla qəbul olunanların sayı artıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədrisi ingilis dilində aparılan BİM-ə bu il nəzərdə tutulan 170 plan yerinə qəbul olunan tələbələr 600 və daha çox bal toplayıb. Bununla da BİM-ə minimal keçid balında yüksəliş qeydə alınıb. Bu göstərici 2014-cü ildə 427, 2015-ci ildə isə 375 olub.
2016/2017-ci tədris ilinin nəticələrinə əsasən, BİM-də orta keçid balı maksimum həddə çataraq 635 olub. Bu göstərici 2014-cü ildə 560, 2015-ci ildə isə 539 bal olub. 600-dən çox bal toplayaraq UNEC-ə qəbul olunan 291 tələbədən 71 faizi (170 tələbə) BİM-i seçib.
Tələbələr BİM-də əsasən, maliyyə (60 tələbə) ixtisasına üstünlük veriblər. Sıralamada ikinci yerdə dünya iqtisadiyyatı (30 tələbə) və mühasibat uçotu və audit (30 tələbə) ixtisasları yer alır. Üçüncü yerdə isə iqtisadiyyat (25 tələbə) və biznesin idarə edilməsi (25 tələbə) ixtisası gəlir.