ELM VƏ TƏHSİL
“UNEC Biznes Məktəbi” Amerikanın nüfuzlu təşkilatının üzvü seçilib
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Biznes Məktəbi” ölkəmizdə ilk dəfə Amerikanın nüfuzlu AACSB təşkilatının (Universitet Biznes Məktəblərinin İnkişafı üzrə Assosiasiya) üzvü olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, AACSB-də artıq “UNEC Biznes Məktəbi”nin akkreditasiya prosesinə başlanılıb.
AACSB-yə üzvlük “UNEC Biznes Məktəbi”nin marketinq baxımından imicinin artmasına dəstək verməklə ona digər biznes məktəbləri ilə əməkdaşlıq etməyə şərait yaradacaq. Təşkilat vasitəsilə “UNEC Biznes Məktəbi” çoxvektorlu beynəlxalq tədbirlərə qatılmaq, təhsilin idarəedilməsi sahəsində beynəlxalq əmək bazarında müstəsna iş imkanı qazanacaq.
Təşkilatın üzvü olmaq güzəştli şərtlər daxilində iş elanları yerləşdirməyə imkan verir. Bu da məktəbin fakültə üzvlərinin səmərəli yerləşdirilməsinə şərait yaradır. Eləcə də “UNEC Biznes Məktəbi” ödənişsiz və məhdudiyyətsiz olmaqla, daha rasional qərarlar qəbul etmək üçün aparıcı təhsil işçilərinin beynəlxalq əməkhaqqı və təminatı barədə informasiya bazasına çıxış əldə edir.
Biznes məktəbinin tədqiqat bazalarına limitsiz giriş hüququ, peşəkar və biznes təhsilinin davamlı inkişafı ilə bağlı seminar, konfrans və vebinarlarda iştirak etmək imkanı da nüfuzlu təşkilata üzv olmağın üstünlüklərindəndir.