ELM VƏ TƏHSİL
UNEC Biznes Məktəbi ilə Almaniya universiteti arasında tələbə mübadiləsi aparılır
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Biznes Məktəbi ilə Almaniyanın Yena Fridrix Şiller Universitetinin İqtisadiyyat və Biznes Administrasiya Məktəbi arasında tələbələrin ən azı bir semestr olmaqla qarşılıqlı mübadiləsi aparılır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, razılaşmaya əsasən, təhsil ödənişsizdir. Mübadilə proqramına bakalavr (alman dilindən B2), magistr və fəlsəfə doktorları (TOEFL İBT – 85, IELTS – 6.5) qoşula bilərlər. Bu proqrama qoşulmaq istəyənlər daxil olduqları universitetdə ən azı iki semestr tədris almalıdırlar.
Qeyd edək ki, UNEC Biznes Məktəbi ilə Almaniyanın Yena Fridrix Şiller Universitetinin İqtisadiyyat və Biznes Administrasiya Məktəbi arasında ötən il ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində MBA proqramı üzrə tələbə mübadiləsinin aparılması, birgə araşdırmaların və nəşrlərin, konfransların, təhsil və mədəniyyət proqramlarının təşkili planlaşdırılır.
Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universiteti dünya üzrə “QS” reytinqində 381-ci, “Webometrics”in dünya üzrə reytinqində 235-ci, Avropa üzrə 86-cı pillədə yer alıb.