CƏMİYYƏT


UNEC Çində yaradılan universitetlər alyansına üzv qəbul olunub

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Dunhuanq şəhərində “Kəmər və Yol Universitetləri Alyansı”nın ilk forumu keçirilib. İki gün davam edən forum çərçivəsində üzv universitetlər arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Şahin Bayramov təmsil edib. Forumda UNEC-in alyansa üzv qəbul olunmasına dair qərar qəbul edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Ş.Bayramov həm də Dunhuanq şəhərində “I İpək Yolu Beynəlxalq Mədəniyyət Expo” tədbirində iştirak edib. Çin hökumətinin təşəbbüsü və bu ölkənin Gansu vilayətinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın 85 ölkəsindən 2000-dək iştirakçı qatılıb.

Forumda İpək Yolu üzərində yerləşən ölkələr arasında tarixi əlaqələrin bərpası və mədəniyyətlərarası dialoqun genişləndirilməsi məsələləri müzakirə olunub. Ş.Bayramov tədbirin sessiya iclasında regionu təmsil edən universitetlər arasında beynəlxalq əlaqələrin inkişafına dair məruzə ilə çıxış edib.

Qeyd edək ki, Çinin Lanzhou Universitetinin təşəbbüsü ilə 2015-ci ildə yaradılan “Kəmər və Yol Universitetləri Alyansı”nın əsas məqsədi tarixi İpək Yolu üzərində yerləşən ölkələrin ali təhsil müəssisələri arasında hərtərəfli əməkdaşlığın inkişafına dəstək göstərməkdir. Hazırda Alyansın 23 ölkədən (Çin, Malayziya, Pakistan, Ukrayna, Qırğızıstan, ABŞ və s.) 125 üzvü var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.