ELM VƏ TƏHSİL
UNEC Diplomlu və Sertifikatlı Mühasiblər Assosiasiyasının akkreditasiyasını qazanıb
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbinin MBA proqramı Diplomlu və Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) akkreditasiyasını qazanıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ilk dəfə UNEC Biznes Məktəbinin MBA proqramının mühasibat uçotu ixtisaslaşması 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək beşillik müddətə ACCA təşkilatında mühasibat və audit ixtisaslaşması üzrə peşəkar səviyyədə akkreditasiya edilib. Bununla da, UNEC Biznes Məktəbinin məzunları Beynəlxalq Mühasiblər Assosiasiyasının üzvü olan ACCA-nın kvalifikasiyası üzrə bütün fundamental fənlərdən azad edilib.
2017/2018-ci tədris ilindən etibarən UNEC Biznes Məktəbinin məzunları ACCA akkreditasiyasının fundamental hissəsinin biznesdə mühasib, idarəetmə uçotu, maliyyə uçotu, biznes hüququ, performansın idarəedilməsi, vergitutma, maliyyə hesabatı, audit, maliyyə menecmenti fənlərindən azad olunurlar. Mühasibat uçotu ixtisaslaşmasından başqa, digər ixtisaslaşmalardan məzun olanlar isə ACCA təşkilatının biznesdə mühasib, biznes hüququ imtahanlarından azad olunurlar.
Qeyd edək ki, ACCA akkreditasiyasının fundamental hissəsinin fənlərindən azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən beynəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı iki il vaxt və kifayət qədər investisiya tələb edilir. UNEC Biznes Məktəbinin MBA proqramı ACCA akkreditasiyasını əldə etməklə öz magistrlərinin əminliklə karyera qurmasına şərait yaradır, onları əlavə vaxt itkisindən və xərclərdən azad edir.
ACCA kvalifikasiyası İngiltərədə yaradılıb. Bu kvalifikasiya maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən bilikləri, bacarıq və yenilikləri, o cümlədən işgüzar dəyər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur.
ACCA təşkilatında akkreditə edilən UNEC Biznes Məktəbinin MBA proqramının məzunlarını fərqləndirən ən əsas xüsusiyyət ondan ibarətdir ki, əmək bazarında uğurlu fəaliyyət göstərən rəqabətqabiliyyətli yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları belə məzunlara üstünlük verirlər. ACCA sertifikatı peşəkar dəyərlərə, iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviyyəli kvalifikasiya statusuna malikdir.