ELM VƏ TƏHSİL
UNEC “Executive MBA” proqramı üzrə kadr hazırlığına başlayır
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Biznes Məktəbi”ndə “Executive MBA” (EMBA) proqramı fəaliyyətə başlayır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünya standartlarına uyğun təşkil olunacaq EMBA-da əmək bazarının tələblərinə cavab verən biznes təhsili həyata keçiriləcək. Artıq dünyanın nüfuzlu universitetlərinin təcrübəsi əsas götürülməklə tədris proqramı hazırlanıb.
Proqramın əsas məqsədi magistrlərin liderlik potensialını reallaşdırmağa kömək etməkdir. EMBA təhsil müddətində ixtisaslı mütəxəssislərə rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasına, müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes biliyi və etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradacaq. Eyni zamanda, magistrlərin əldə etdikləri bilik və bacarıqlar onlara peşəkar əlaqələr yaratmağa və karyera yüksəlişinə nail olmağa geniş imkanlar açacaq.
EMBA proqramı üzrə təhsil 2 il ərzində 6 modul olmaqla Avropa Kredit Transfer Sisteminə uyğun 76 kredit, ABŞ Kredit Sisteminə ekvivalent hesablandıqda isə 38 kreditlə tamamlanır. Hər modul 3 aydan bir 10 gün müddətində tədris ediləcək. EMBA-ya məhdud sayda tələbə qəbulu nəzərdə tutulub. Müəllimlər isə dünyanın tanınmış ali məktəblərindən cəlb ediləcək və tədris ingilis dilində aparılacaq. Proqram üzrə keyfiyyətli tədrisi təşkil etmək məqsədilə UNEC-də müasir standartlara uyğun auditoriyalar yaradılacaq.
2016-2017-cı tədris ilindən etibarən MBA Proqramında 5 yeni ixtisaslaşma üzrə də magistr hazırlığı aparılacaq. Onlar bank və sığortanın idarə edilməsi, səhiyyənin idarəedilməsi, idmanın idarəedilməsi, mühəndislik və idarəetmənin riskləri, turizm və otelçiliyin idarəedilməsi ixtisaslarıdır.