ELM VƏ TƏHSİL
UNEC İslam Dünyası Universitetləri Federasiyası idarə heyətinin üzvü seçilib
Bakı, 20 fevral, AZƏRTAC
Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Dünyası Universitetləri Federasiyasının (Federation of the Universities of the Islamic World – WORLD) 7-ci Baş konfransı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, ISESCO-nun mənzil qərargahında keçirilən tədbirdə bu ali məktəbi Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Şahin Bayramov təmsil edib.
Konfransda ISESCO-nun Baş direktoru və eyni zamanda, FUIW-in baş katibi Əbdüləziz Osman əl-Tuveycri Federasiyanın 2014-2016-cı illər ərzindəki fəaliyyətinə dair məlumat verib. O, 345 ali təhsil müəssisəsinin üzv olduğu Federasiyanın İslam dünyası ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edən əlaqələndirmə funksiyasını həyata keçirdiyini bildirib.
Fərqli ali təhsil sistemlərini təmsil edən universitetlər arasında əlaqələrin inkişafında FUIW-in müstəsna rol oynadığını diqqətə çatdıran digər çıxış edənlər Federasiyanın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair təkliflər irəli sürüblər.
Tədbirdə Ş.Bayramov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini və bu ilin mayında Bakı şəhərinin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
O, İslam dəyərlərinin qorunması və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən çoxsaylı tədbirlər haqqında məlumat verib. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi sahəsində UNEC-də aparılan işlər barədə danışan Ş.Bayramov FUIW-yə üzv olan universitetlərlə tələbə və müəllim mübadiləsi, birgə elmi fəaliyyət və ortaq tədris proqramları üzrə qarşılıqlı faydalı əməkdaşlığa hazır olduqlarını bildirib.
Konfransda Federasiya üzvləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, İslam dünyası universitetlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin hazırlanması, İslam dünyasını əhatə edən elm, texnologiya və innovasiya platformasının yaradılması, ali təhsil müəssisələrinin yeni maliyyə mənbələrinə çıxış əldə etməsi və digər bu kimi mövzularda geniş fikir mübadiləsi aparılıb.
Təşkilati məsələlərin də müzakirə olunduğu konfransda FUIW-in idarə heyətinin 2017-2019-cu illər üçün yeni tərkibi seçilib. 345 üzv arasından cəmi 15 universitetin daxil olduğu idarə heyətinə UNEC də seçilib. Bununla da, UNEC yaxın üç il ərzində FUIW-in fəaliyyətində və idarə edilməsində iştirak etmək, təşkilat çərçivəsində qərarların qəbul edilməsində fəal rol oynamaq və Federasiyanın bir sıra tədbirlərinə ev sahibliyi etmək imkanı qazanmış olub.
Tədbir çərçivəsində Federasiyanın bir sıra üzv universitetləri ilə ikitərəfli görüşlər keçirilib, eləcə də Malayziyanın Utara Universiteti ilə UNEC arasında Anlaşma Memorandumu imzalanıb.
FUIW-in 7-ci Baş konfransında Azərbaycanın Mərakeşdəki səfiri Tarik Əliyev iştirak edib.