CƏMİYYƏT


UNEC London Universiteti/London İqtisadiyyat Məktəbinə qəbul davam edir

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin reytinq sıyahılarında ilk sıralarda yer alan London Universiteti/London İqtisadiyyat Məktəbi (LSE) ilə ikili diplom proqramını həyata keçirir. Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramı uğurla başa vuran tələbələr UNEC-in və London Universitetinin vahid nümunəli bakalavr diplomunu əldə edirlər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 2015/2016-cı tədris ilində ilk qəbulu həyata keçirilən proqram hazırda uğurla icra olunur. Tamamilə ingilis dilində olan tədris prosesinə əsasən, LSE-dən göndərilən professorlar cəlb edilir və tələbələrin biliyinin qiymətləndirilməsi Londonda həyata keçirilir. Son bir ildə uğurla reallaşdırılan bu proqram LSE-nin tədris modelinin ölkəmizə gətirilməsi, Azərbaycanda ali təhsilin məzmununun müasir dünya standartlarına uyğunlaşdırılması, eləcə də milli təhsilimizin beynəlxalq imicinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırda UNEC London Universiteti/London İqtisadiyyat Məktəbinə qəbul davam etməkdədir. Qəbul “Mühasibat və Maliyyə” (BSc in Accounting and Finance) və “Biznes və Menecment” (BSc in Business and Management) ixtisasları üzrə bakalavr dərəcə proqramı üzrə aparılır. Proqram London Universiteti/London İqtisadiyyat Məktəbinin (London School of Economics – LSE) tədris planı əsasında ingilis dilində həyata keçirilir.

Proqrama birinci kursu bitirən, ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (PTE Academic – 57, TOEFL – 87, IELTS – 6.0) tələbələr müraciət edə bilərlər.

Sənəd qəbulu bu il sentyabrın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.