ELM VƏ TƏHSİL
UNEC alimləri Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyasına üzv seçiliblər
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri 26-cı Beynəlxalq Sülh Tədqiqatları (IPRA) konfransında iştirak ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Afrikanın Fritaun şəhərində keçirilən konfrans Böyük Britaniyanın Northumbria və Türkiyənin Sakarya universitetləri ilə birgə təşkil olunub.
Dayanıqlı inkişaf mövzusuna həsr olunan konfransda UNEC-in türk dünyası işlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun “Türkiyədə ekoloji problemlərdə QHT-nin siyasəti”, iqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədovun “Müstəqil türk respublikalarında iqtisadi artım və inkişaf problemləri” mövzularında məruzələri dinlənilib.
Beş gün davam edən beynəlxalq konqresə dünyanın 60-dan çox ölkəsindən 300-dək tanınmış alim qatılıb. Konfransın ümumi yığıncağında UNEC alimləri Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyasına üzv seçilməklə səsvermə hüququ qazanıblar.
Qeyd edək ki, Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyası 1964-cü ildə yaranıb. Dünyada iki mindən artıq elm adamının üzv olduğu assosiasiya Amerika, Avropa, Asiya, Afrika, Avstraliyada yerləşən əsas mərkəzlərlə fəaliyyət göstərir.