ELM VƏ TƏHSİL
UNEC-də Gənc Alimlər Məktəbi yaradılacaq
Bakı, 17 mart, AZƏRTAC
Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters”in departament direktoru Oleq Utkin və şöbə müdiri Valentin Boqorov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, “Thomson Reuters” ilə universitet arasında gələcək əməkdaşlığın üç istiqaməti – beynəlxalq konfransın təşkili, elmmetrik laboratoriyanın qurulması və Gənc Alimlər Məktəbinin yaradılması görüşün əsas müzakirə mövzusu olub.
Bildirilib ki, UNEC və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə mayda keçiriləcək “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də bir araya gətirəcək. Tədbir, eyni zamanda, ölkədə “Web of Science” platformasına çıxış əldə etməyə dəstək göstərəcək. Bu isə elmi-tədqiqat işlərinin dünyanın elmi ictimaiyyəti arasında tanıdılmasında mühüm rol oynayacaq. Qeyd edək ki, nüfuzlu dünya universitetlərinin alimlərinin elmi məqalələrinin konfransa təqdim edilməsi ilə bağlı çoxlu sayda müraciətlər daxil olub.
Görüşdə UNEC-in bazasında yaradılacaq Gənc Alimlər Məktəbi geniş müzakirə edilib. O.Utkin bildirib ki, UNEC-də bu məktəbin təsis edilməsi gənc alimlərə müasir tələblərə cavab verən elmi nəşrlərin və məqalələrin hazırlanmasında, elmi araşdırmaların keyfiyyətinin artırılmasında kömək göstərəcək.
UNEC-də həm Azərbaycanın, həm də regionun digər ölkələrinin maraqlarına cavab verəcək elmmetrik laboratoriyanın açılması, “Xəzəryanı ölkələrin iqtisadiyyatı” adlı elmi jurnalın nəşri ətrafında da fikir mübadiləsi aparılıb.