CƏMİYYƏT


UNEC-də differensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb VİDEO

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əməkhaqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb.

AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov differensial əməkhaqqı sistemi barədə məlumat verərək bildirib ki, Türkiyə, ABŞ, Avropa və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem universitetdə ötən tədris ilindən tətbiq edilir.

Qeyd olunub ki, sistemin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir. Əməkhaqlarına differensial əlavələrin edilməsinin məqsədi pedaqoji heyətin motivasiyasının təmini və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Mütəmadi olaraq hər ay üzrə differensial əməkhaqqı sistemi əsasında müəllimlərin, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib.

Rektor bu ildən başlayaraq hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən müəllimlərin əməkhaqlarına əlavələr olunacağını bildirib. O deyib: “Əlavələr mövcud əməkhaqqının 1,2 – 2 misli qədər nəzərdə tutulub. İlk onluğa daxil olan müəllimlərimizin maaşı iki dəfə, 11-30 onluğuna daxil olan müəllimlərin maaşı 1,7 dəfə, 31-60 onluğun daxil olan müəllimlərin maaşı 1,5 dəfə, sonuncu 61-100 onluğuna daxil olan müəllimlərin maaşı isə 1,3 dəfə artırılacaq. Differensial əməkhaqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir”.

Universitetin yeni layihələrindən söz açan rektor vurğulayıb ki, UNEC 2016/2017-ci il tədris ilində üç layihəyə start verəcək. Birinci layihə -“Lider müəllim+Lider universitet” layihəsi çərçivəsində müxtəlif nominasiyalarla 10 lider müəllim seçiləcək. “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi əsasında müəllimlərin fəaliyyəti haqqında tələbələrin fikirlərinə üstünlük veriləcək. Üçüncü layihəyə əsasən, 2016/2017-ci il tədris ilində İqtisad Universitetində tədris valideynlərə açıq olacaq. Onlar övladlarının bütün dərslərində iştirak edə və fikirlərini bölüşə biləcəklər.

UNEC-in müəllimlərinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyası sədrinin müavini Elşən Bağırzadə sistemin işləmə mexanizmini təqdim edib.

Bildirilib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatları xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatlar müəllimlərin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyanın ekspertizasından keçib. Hər müəllim müəyyən bir kafedra və fakültəyə aid olduğundan, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb.

Təqdimatdan sonra ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.

Sonda online rejimdə differensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.