ELM VƏ TƏHSİL
UNEC-də əcnəbi tələbələr üçün sadələşdirilmiş qəbul prosesi davam edir
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016/2017-ci tədris ili üçün əcnəbi tələbələrin sadələşdirilmiş elektron qəbulunu davam etdirir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müraciət edənlər sadələşdirilmiş kabinet.unec.edu.az saytından istifadə edə bilərlər. Sənədlərin elektron variantına UNEC-in beynəlxalq əlaqələr departamentində baxıldıqdan sonra müraciət edən şəxslər müsabiqəyə dəvət olunurlar. Müraciət edən şəxsin müsabiqədə iştirakı mümkün olmadıqda istəyə uyğun olaraq, müsabiqə “Skype” və ya telefon vasitəsilə aparılır. Bu barədə onların şəxsi kabinetlərinə və elektron ünvanlarına bildiriş göndərilir.
Qeyd edək ki, ötən ildən ilk dəfə tətbiq edilməyə başlayan elektron qəbul UNEC-də təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün universitetə gəlmədən dünyanın istənilən yerindən asanlıqla müraciət etməyə imkan verir.