ELM VƏ TƏHSİL
UNEC-də gənc tədqiqatçılar “Web of Science” bazasından istifadə qaydalarını öyrəniblər
Bakı,17 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Web of Science”bazasından istifadə qaydalarına həsr olunan təlim keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində baş tutan təlimə 50 alim və tədqiqatçı qatılıb.
Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov UNEC-in nüfuzlu elmi platformalara çıxış imkanının əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. Bildirib ki, magistratura və doktorantura səviyyəsində yüksək ixtisaslı kadr hazırlığı prosesi elmin ən son nailiyyətlərinin tədris prosesinə tətbiqini zəruri edir. Elmi platformalardan intensiv istifadə universitetlərin fəaliyyətinə müsbət təsir göstərəcək.
“Thomson Reuters”in departament direktoru Valentin Boqorov qeyd edib ki, təlimin nəticəsi olaraq tədqiqatçılar elmi informasiya və nəşrlər seçmək, eyni zamanda, çap olunmaq imkanı əldə edəcəklər. Təlim iştirakçıları birinci dərəcəli elmi bazalara tam çıxışla yanaşı, dünya elminin və tədqiqat fəaliyyətlərinin ən son nailiyyətləri ilə tanış olacaqlar.
Təlimdə bildirilib ki, “Thomson Reuters”in elmi platformalarındakı nəşrlərin standartlarına uyğun hazırlanan məqalələr bütövlükdə elmi-tədqiqat işlərinin forma və məzmunca köklü şəkildə yaxşılaşmasına səbəb olacaq. Bundan başqa, tədqiqatçılar dünyanın ən nüfuzlu alimlərinin bu sahədə həyata keçirdiyi işlərlə tanış olmaq və onların arasından tərəfdaşlar seçmək imkanı qazana biləcəklər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.