ELM VƏ TƏHSİL


UNEC-də təkrar ali təhsilə qəbul 22 ixtisas üzrə aparılır

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təkrar ali təhsilə və yenidənhazırlanma təhsilinə qəbul prosesi başa çatıb.

UNEC-in distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, ümumilikdə bu il əvvəlki illərlə müqayisədə bütün ixtisaslara maraq böyükdür. Əgər əvvəlki ildə əmək bazarında əsas maraq doğuran ixtisaslara – maliyyə, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı üzrə daha çox müraciət qeydə alınırdısa, bu il həmin ixtisaslarla yanaşı, iqtisadiyyat, marketinq, menecment, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisaslarına da maraq artır.

Mərkəzin direktoru yenidənhazırlanma təhsilinin üç ixtisas üzrə aparıldığını bildirib: “Yenidənhazırlanma ali təhsil bazasında dünya iqtisadiyyatı və maliyyə ixtisasları, orta ixtisas təhsili bazasında isə maliyyə işi ixtisası üzrə aparılır. Təkrar ali təhsilə qəbul isə UNEC-də mövcud olan 22 ixtisas üzrə keçirilir. Tədris yenidənhazırlanma təhsili üçün ayrıca yaradılan qruplarda, təkrar ali təhsildə isə müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir. Yenidənhazırlanma diplomu tək qüvvədə sayılmır. Bu diplom ilk baza diplomu ilə birlikdə təqdim edilməlidir.

S.Tanrıverdiyevin sözlərinə görə, UNEC-də tətbiq edilən yeniliklərin, tədris prosesinin müasirləşdirilməsi və yeni şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılması məqsədilə həyata keçirilən islahatların nəticəsi kimi qəbul sayı hər il artır. O qeyd edib ki, ötən il təkrar ali təhsil alanların sayı 46 nəfər olub. Onlardan 45 nəfəri qiyabi, yalnız 1 nəfəri əyani əsaslarla təhsil formasını seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.