ELM VƏ TƏHSİL
UNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (BİM) “Tələbə-mentor” sistemi yaradılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, mentor sisteminin yaradılmasında məqsəd universitetə yeni daxil olan tələbələrə məsləhət vermək, kurslar arasında inteqrasiyanı və şəbəkə münasibətlərini gücləndirməkdir. Fakültənin üçüncü kurslarından 12 mentor seçilib. Birinci kursların hər qrupuna ixtisaslar üzrə 2 mentor təyin edilib.
Sentyabrın 15-dən fəaliyyətə başlayacaq mentorlar birinci kurs tələbələrinin universitet həyatına adaptasiya etmələrinə yardım edəcək. Bundan başqa, BİM-də “Senior mentor” (Böyük Mentor) da fəaliyyət göstərəcək. “Senior mentor” bir nəfər olmaqla, dördüncü kurs tələbələri arasından seçilib. O, azad mentor kimi fəaliyyət göstərərək birinci kursların bütün qruplarına dəstək verəcək.
Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunan tələbələr 600-dən yuxarı bal toplayıb. Bununla da BİM-ə minimal keçid balında yüksəliş qeydə alınıb. Orta keçid balı isə maksimum həddə çataraq, 635 olub.