ELM VƏ TƏHSİL
UNEC-dən magistrlərə Avropa diplomu qazanmaq imkanı
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti (MRU) arasında magistratura səviyyəsində ikili diplom proqramının şərtləri müəyyənləşib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqrama maliyyə bazarları, maliyyə menecmenti və maliyyə nəzarəti və audit ixtisasları üzrə təhsil alan, bakalavr dərəcəsi üzrə akademik göstəricisi 80 baldan yuxarı olan və ingilis dili biliyi ən azı B2 səviyyəsində olan şəxslər müraciət edə bilərlər.
2017/2018-ci tədris ilindən başlayacaq proqrama müraciət edən magistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestrdə MRU-da təhsil alacaqlar. Üçüncü semestrdə onlar UNEC-də təcrübə və tədqiqat, dördüncü semestrdə isə həm UNEC-də, həm də MRU-da tədqiqat və diplom müdafiəsində olacaqlar. Müdafiə işləri “Skype” vasitəsilə aparılacaq və hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən tələbələrə UNEC-in müvafiq ixtisas üzrə diplomu və diploma əlavəsi ilə yanaşı, MRU-nun maliyyə bazarları ixtisası üzrə magistr diplomu ilə diploma əlavəsi də təqdim olunacaq.
Qeyd edək ki, MRU UNEC-in ikili diplom proqramı həyata keçirdiyi dördüncü Avropa universitetidir. Bu sahədə təcrübəsi olan UNEC son üç ildə tələbələrə London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, eyni zamanda, İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomlarını almaq imkanı verir.