CƏMİYYƏT


UNEC ilə Trento Universiteti arasında əməkdaşlığa dair razılıq əldə edilib

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

İtaliyanın Trento Universitetinin rektoru, professor Paoli Kollini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə səfər edən rektor yüksək səviyyədə təşkil olunan beynəlxalq tədbirdə iştirakından məmnunluğunu bildirib.

UNEC-in rektoru, professor Ədalət Muradov multikulturalizm və davamlı inkişaf aspektlərinin müzakirə olunduğu Beynəlxalq Humanitar Forumun bu istiqamətdə mühüm töhfə verəcəyini qeyd edib. Ə.Muradov universitetlər arasında beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. London Universiteti/ London İqtisad Məktəbi və Fransanın Montpellier Universiteti ilə reallaşdırılan ikili diplom proqramları haqqında məlumat verən rektor bu sahədə Trento Universiteti ilə əməkdaşlığın zəruriliyini diqqətə çatdırıb.

Dövlət İqtisad Universitetinin artan nüfuzundan söz açan professor P.Kollini bu il UNEC-in “Quacquarelli Symonds LTD” (QS) İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə ən yaxşı 4-cü iqtisadyönümlü ali təhsil müəssisəsi seçilməsi faktının əhəmiyyətini qeyd edib, Trento Universitetinin bütün istiqamətlərdə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə bu ildən etibarən tələbə və müəllim mübadiləsinin, həmçinin “Erasmus+” kimi beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın başlanması barədə razılıq əldə edilib.

Qeyd edək ki, Trento Universitetində 16 mindən çox tələbə təhsil alır, 1200-dən çox professor və tədqiqatçı çalışır. Bu ali məktəbdə ingilis dilində 11 doktorantura və 18 magistr proqramının tədrisi həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.