ELM VƏ TƏHSİL


UNEC-in əcnəbi tələbələri erməni vəhşiliklərindən bəhs ediblər

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Quba Soyqırımı Memorial Kompleksində olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetdə təhsil alan Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, İran, Küveyt, Çin, Nigeriya, Əfqanıstan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən olan tələbələrin də iştirak etdikləri səfər “Gəz, gör, tanı, paylaş” devizi altında keçirilib.

Səfərin məqsədi UNEC-in əcnəbi tələbələrini ermənilərin 1918-ci ildə Qubada törətdikləri qırğınların əyani sübutu olan soyqırımı məzarlığı ilə tanış etməkdir.

UNEC-in tələbə rektoru Şahin Həsənov əcnəbi tələbələrə dinc Quba sakinlərinin erməni silahlıları tərəfindən işgəncələrlə qətlə yetirilməsi barədə məlumat verib. Kütləvi məzarlığı ziyarət edən tələbələr ermənilərin Quba qəzasında törətdikləri qırğından dəhşətə gəldiklərini bildiriblər.

Tələbələr Memorial Kompleksin ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntülərini, o zaman burada aparılan tikinti-quruculuq işlərini, əhalinin həyat tərzini əks etdirən fotolarla tanış olublar.

Əcnəbi tələbələr kütləvi məzarlıqdan çəkdikləri şəkilləri, erməni vəhşilikləri, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyaları sosial şəbəkələrdə paylaşıblar. Onlar burada gördüklərinin insanlığa qarşı qəddar cinayət olduğunu xüsusi vurğulayıblar.

Sonra tələbələr Quba rayonunun tarixi, mədəni, turizm imkanları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.