ELM VƏ TƏHSİL
UNEC-in gənc müəllimlərinin uğuru
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimləri Əhliman Abbasov və Təhmasib Əlizadənin məqaləsi nüfuzlu dünya alimlərinin elmi nəşrlərinin cəmləşdiyi “Thomson Reuters” bazasına daxil edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq iqtisadiyyat kafedrasının müəllimləri Ə.Abbasov və T.Əlizadənin “Kiçik və orta müəssisələr keçid iqtisadiyyatlı ölkələrin iqtisadi artımında təsiredici faktor kimi” (“Small and Medium-Sized Enterprises as an influential factor towards the Economic Growth of countries with transition economies”) adlı elmi məqaləsi Serbiyanın Belqrad şəhərində John Naisbitt Universitetində təşkil edilən “XIII İqtisadi və Sosial İnkişaf” konfransında təqdim edilmişdi.
Qeyd edək ki, “Thomson Reuters” ali təhsil müəssisələrinin qlobal elmi bazası - “Web of Science” platformasıdır. “Web of Science”də elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələr, onların çıxardığı qərarlar toplanılır.