ELM VƏ TƏHSİL
UNEC-in könüllüləri beynəlxalq tədbirlərdə zəngin təcrübə toplayıblar
Bakı, 14 aprel, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru, “Bakı-2017”nin könüllülər üzrə səfiri Elçin Səfərov UNEC-in könüllüləri ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, UNEC-in prorektoru Səadət Qəndilova ölkəmizdə keçirilən Avropa Oyunlarında və “Formula 1” yarışlarında UNEC-in könüllülərinin fəaliyyəti barədə məlumat verib, onların beynəlxalq tədbirlərdə zəngin təcrübə topladıqlarını deyib.
S.Qəndilova UNEC-in könüllülərinin bu nüfuzlu tədbirlərdə fəal iştiraklarına və əldə edilən sertifikatların sayına görə ölkə universitetləri arasında birinci yerdə olduqlarını söyləyib. O, qazanılan təcrübənin IV İslam Həmrəyliyi Oyunlarında da tətbiq ediləcəyini, onların birinciliyi qoruyub saxlayacaqlarına əminliyini bildirib.
Əməliyyat Komitəsinin icraçı direktoru Elçin Səfərov IV İslam Həmrəyliyi Oyunları, onun əhəmiyyəti barədə məlumat verib. Oyunlar zamanı könüllülərin fəaliyyətini xüsusi qeyd edib, onlar üçün bütün lazımi şəraitin yaradılacağını bildirib. O deyib ki, tədbirin yüksək səviyyədə təşkili hər birimizin borcudur. IV İslam Həmrəyliyi Oyunları həm də bir xalq olaraq qonaqpərvərliyimizi nümayiş etdirmək və inkişafda olan ölkəmiz haqqında məlumatı əyani çatdırmaq imkanı verir.