CƏMİYYƏT


UNEC-in rektoru dünyanın nüfuzlu universitetlərinin məzunları ilə görüşüb

A+ A

Bakı,16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov dünyanın nüfuzlu universitetlərinin məzunları ilə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor rəhbərlik etdiyi ali məktəbin fəaliyyət istiqamətləri, strateji hədəfləri, son illərdə əldə olunan nailiyyətlər barədə danışıb. Bildirilib ki, regionun iqtisad yönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron universitet” modeli tətbiq edilir. Rektor ölkədə ali təhsilin modernləşdirilməsi prosesinə mühüm töhfə verən differensial əməkhaqqı sisteminin universitetdə tətbiqindən söz açıb. İqtisad Universitetinin brendləşdiyini qeyd edən Ə.Muradov bildirib ki, “UNEC” (University of Economy) bu ali məktəbin brendidir.

Rektor vurğulayıb ki, əldə edilən uğurlar bizi sevindirir, amma qane etmir. O, universitetin hədəflərini açıqlayaraq deyib: “Başlıca məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir. Hədəfə çatmaq üçün UNEC-in gənc kadrlara ehtiyacı var. Bu məqsədlə universitetdə “Gənc müəllim” və “Gənc professorlar” layihələri həyata keçirilir. Son iki ildə UNEC-ə dünyanın nüfuzlu ali məktəblərinin məzunları olan 200-dək gənc cəlb edilib və bu proses gələcəkdə də davam etdiriləcək”.

Avropanın nüfuzlu universitetlərindən məzun olan, ölkənin dövlət və özəl sektorunda müxtəlif vəzifələrdə çalışan gənclər UNEC ilə əməkdaşlığa maraq göstərdiklərini, universitetdə pedoqoji və inzibati işlərdə çalışmaq niyyətində olduqlarını söyləyiblər. Gənclər UNEC-də maliyyə, marketinq, menecment və digər ixtisaslar üzrə Azərbaycan, ingilis və rus dillərində dərs demək istədiklərini bildiriblər. Onlar əsasən Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbi və “SABAH” qruplarından dərs demək arzusunda olduqlarını qeyd ediblər.

Ə.Muradov bildirib ki, dünya səviyyəli universitetlər sırasına yüksəlməkdə iddialı olan UNEC bacarıqlı gənclərlə əməkdaşlıq etməkdə maraqlıdır. Rektor gənclərlə mütəmadi görüşəcəyini, universitetlə bağlı fikirləri dinləməyə hazır olduğunu və ən qısa zamanda onların təkliflərinin dəyərləndiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.