ELM VƏ TƏHSİL
UNEC magistratura pilləsində yeni standartların tətbiqinə başlayıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilindən etibarən magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, yeni standartlara əsasən, magistratura pilləsində 15 ixtisas üzrə tədris Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə əsaslanaraq aparılacaq.
UNEC-in magistratura pilləsində aktiv dərs müddəti yeni tədris ilindən iki semestr (1 il) nəzərdə tutulub və nəzəri təlimə ayrılan həftələrin sayı 45-dən 30-a endirilib. Nəzəri təlimlərin sayının azaldılmasının məqsədi magistrləri elmi-tədqiqatlara daha çox cəlb etmək, müəllimlərlə fərdi olaraq məsləhət saatını və dissertasiya işinə ayrılan vaxtı artırmaqdır. Bu, keyfiyyətli dissertasiya işinin hazırlanması üçün şərait yaradacaq.
Magistraturanın yeni tədris standartında ixtisas və ixtisaslaşmaya ayrılan fənlər üçün 48 kredit, yəni səkkiz fənn müəyyənləşdirilib. Həmin fənlər sırasından altı fənn (36 kredit) ixtisasa daxil olan bütün ixtisaslaşmalar üçün nəzərdə tutulub. Digər iki fənn isə (12 kredit) magistr tərəfindən hər bir ixtisaslaşma üçün ayrılıqda müəyyən edilən altı fənnin arasından seçiləcək.