ELM VƏ TƏHSİL
UNEC müəllimlərinin reytinqində ilk 100-lük
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ili üzrə differensial əməkhaqqı sistemində ilk 100-yə daxil olan müəllimlərin siyahısı açıqlanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, sistemə uyğun olaraq, müəllimlərin əməkhaqlarına əlavələr ediləcək. Belə ki, İlk onluğa daxil olan müəllimlərin maaşı iki dəfə, 11-30-cu yerləri tutan müəllimlərin maaşı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin maaşı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin maaşı isə 1,3 dəfə artırılacaq.
Müəllimlərin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq UNEC-də həyata keçirilən yeni sistemin əsas məqsədi pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Differensial əməkhaqqı sistemində UNEC müəllimləri ilə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyənləşdirilib.
Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçən sistem UNEC-in mülkiyyətidir.