ELM VƏ TƏHSİL
UNEC pilot universitet seçilib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan ali təhsil sistemində keyfiyyət təminatı üzrə yeni standart və təlimatlar təsdiqlənib. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni akkreditasiya qaydaları “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” Tvinninq layihəsi çərçivəsində hazırlanıb. Yeni akkreditasiya qaydalarının tətbiqi ilə əlaqədar UNEC pilot universitetlərdən biri seçilib. Bu məqsədlə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsininnin akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov, layihəni həyata keçirən Finlandiyanın və Estoniyanın təhsil ekspertləri UNEC-də olublar.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Ədalət Muradov universitetdə tədrisin keyfiyyətinin artırılması, həyata keçirilən yeniliklər və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Vurğulanıb ki, UNEC-in keyfiyyət təminatı üzrə yeni standart və təlimatların tətbiqində pilot universitet kimi seçilməsi təhsilin keyfiyyətinin daha da artmasına xidmət edəcək. Ekspertlər layihənin tətbiqi ilə əlaqədar qiymətləndirilmənin aparılması üçün UNEC-in bütün imkanlarından yararlana bilər.
Ə.Muradov deyib: “Hədəfimiz dünya səviyyəli ali məktəblər sırasında olmaqdır”.
Görüşdə layihə barədə ətraflı məlumat verən mütəxəssislər bildiriblər ki, məqsəd universitetdə strateji planlaşdırma, idarəetmə, insan resursları, təhsil proqramları, tədqiqat fəaliyyəti, eləcə də tədris və təlim resursları, dəstək xidmətlərini Avropa standartlarına uyğunlaşdırmaqdır.
Sonra İşçi qrupunun hazırladığı özünütəhlil hesabatı ekspertlərə təqdim olunub. Qeyd edilib ki, özünütəhlil ümumi qiymətləndirmə prosesinin önəmli hissələrindəndir və hesabat qiymətləndirmə sahələrinin strukturuna uyğunlaşdırılıb.
Diqqətə çatdırılıb ki, layihənin qiymətləndirilməsi dörd mərhələ üzrə aparılacaq: beynəlxalq qiymətləndirmə qrupunun təyin edilməsi və təlimləndirilməsi, ali təhsil müəssisəsi tərəfindən özünütəhlilin aparılması, ali təhsil müəssisəsinə səfər və hesabatın dərc olunması.
Qiymətləndirmə beynəlxalq və yerli ekspertlərdən ibarət qrup tərəfindən həyata keçiriləcək.
Layihə çərçivəsində ekspertlərin UNEC-ə səfərləri təşkil olunacaq. Onlar özünütəhlil hesabatını nəzərdən keçirəcək və keyfiyyətli təminatın qiymətləndirilməsi prosesini müşahidə edəcəklər.