ELM VƏ TƏHSİL
UNEC professorundan numizmatika elminə töhfə
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) humanitar fənlər kafedrasının professoru Abbas Seyidovun həmmüəllifi olduğu “Azərbaycan tarixi” dərs vəsaiti çap edilib. Azərbaycan, rus və ingilis dillərində olan dərslik UNEC-in tədris-metodik şurasının, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının qərarları ilə çapa tövsiyə olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dərs vəsaiti numizmat Rəşid Rzayevin 50 ildən artıq şəxsi kolleksiyasına topladığı, Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən 260 seçmə qızıl, gümüş və misdən hazırlanan numizmatik material əsasında yazılıb. Üç bölmədən ibarət dərsliyin birinci bölməsində Azərbaycanda numizmatika elminin inkişaf tarixi göstərilir. İkinci bölmədə e.ə. III-II əsrlərdən başlayaraq Azərbaycan dövlətçiliyi tarixini əks etdirən sikkələrin təsnifatından bəhs olunur. Üçüncü bölmədə isə Azərbaycan ərazisində dövriyyədə və istifadədə olan qonşu dövlətlərə məxsus numizmatik materiallar öz təhlilini tapır.
Dərsliyin ön söz müəllifi iqtisad elmləri doktoru, professor Zahid Məmmədovdur.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixini əks etdirən, rəngli fotolarla zəngin dərs vəsaiti tələbələr, tarixçilər, numizmatlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.