ELM VƏ TƏHSİL
UNEC regionun elmi müzakirə mərkəzinə çevrilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans sentyabrın 29-da panel və seksiyalarda işini davam etdirib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin və Türkiyənin Süleyman Dəmirəl Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda müxtəlif bölmələrdə 200-dən çox məruzə dinlənilib. Beynəlxalq tədbirdə Azərbaycanın iqtisadi və sosial inkişafı ilə bağlı mövzular, hazırda dünya iqtisadiyyatında gedən proseslər, onların həlli yolları haqqında düşüncələr, bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri və s. məsələlər müzakirə olunub.
Türkiyə, Rumıniya, İngiltərə, Hindistan, ABŞ, Qırğızıstan və s. ölkələrdən gəlmiş mütəxəssislər UNEC-in iqtisadçıları ilə birlikdə maliyyə, vergi, bank sektoru, turizmin inkişafı, işsizlik, yeni iş yerlərinin yaradılması, sığorta məsələləri və digər sosial məsələlər barədə müzakirələr aparıblar.
Konfransda Türkiyə-Azərbaycan enerji əməkdaşlığı və onun perspektivləri, eyni zamanda, hər iki ölkə arasında ticarət əlaqələri, universitetlərarası əməkdaşlıq və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Tədbirə Türkiyə ilə yanaşı, 12 ölkədən 187 nümayəndə qatılıb.