CƏMİYYƏT


UNEC və Almaniyanın Siegen Universitetinin birgə layihəsi müsabiqənin qalibi olub

A+ A

Bakı,23 sentyabr, AZƏRTAC

Almaniyanın Siegen Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə iştirak etdiyi “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) bu ölkədəki baş ofisi tərəfindən keçirilən müsabiqənin qalibi olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində həm Almaniya, həm də Azərbaycanda müəllimlərin, gənc alimlərin, tələbələrin iştirakı ilə görüş və təlimlər keçiriləcək. Eyni zamanda, hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar təşkil olunacaq. Təlimlər zamanı biznes planlaşması, innovasiya menecmenti, logistika, elektron-kommersiya, risklər menecmenti və digər sahələr əhatə olunacaq. Ali təhsilin bütün səviyyələrini əhatə edən layihənin əsas hədəfləri sırasında birgə magistratura proqramının işlənməsi də yer alıb.

Gənc alimlər arasında keçirilməsi planlaşdırılan “Kiçik biznes plan” müsabiqəsi bu istiqamətdə tədqiqat aparan əməkdaşlara öz ideyalarının reallaşdırılmasında kömək edəcək. “Məsləhətçi maliyyə klubları” isə tələbə, magistrant və doktorantların məsləhətçi kimi formalaşmasına şərait yaradacaq. Tədqiqatçılar, həmçinin Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı qazanacaqlar.

Layihənin icrasına 2016-cı ilin oktyabr ayında başlanılacaq və 4 il davam edəcək.

Qeyd edək ki, UNEC müsabiqədə Azərbaycandan tərəfdaş qismində çıxış edən yeganə ali təhsil müəssisəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.