MƏDƏNİYYƏT


UNESCO-da “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” mövzusunda konfrans keçirilib VİDEO

Paris, 14 dekabr, AZƏRTAC

Parisdə UNESCO-nun baş qərargahında Azərbaycanın bu qurumdakı daimi nümayəndəliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” sərlövhəli konfrans keçirilib.

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb. O, bunun Azərbaycanın multikulturalizmə, mədəniyyətlərarası dialoqa verdiyi önəmin təzahürü olduğunu bildirib. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən söz açan A.Kərimov Ermənistanın torpaqlarımızı işğal etdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, bir milyon soydaşımızın doğma yurdundan didərgin salındığını söyləyib. Bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan dialoqa, sülh danışıqlarına üstünlük verir. Tolerantlıq, multikulturalizm məkanı olan Azərbaycan “mədəniyyətlərin yaxınlaşmasında” fəal rol oynayır.

A.Kərimov iştirakçılara Bakının ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı prosesi” haqqında məlumat verib. O, multikulturalizmin ölkəmizin dövlət siyasəti olduğunu deyərək konfransın multikulturalizmin Azərbaycan modelinə həsr edildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan multikulturalizm təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır.

UNESCO-nun sosial və humanitar elmlər şöbəsinin rəhbəri Ann-Belinda Preis bu təşkilatın mədəniyyətlərarası dialoq üzrə ixtisaslaşmış proqramı, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə danışıb.

“İsrail-Azərbaycan” (Azİz) Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Arye Qut ölkəmizin tarixi, mədəniyyəti haqqında məlumat verib. O, Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşadıqlarını vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri Aytən Qəhrəman multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu və BBMM-in yaradılmasının Prezident İlham Əliyevin bu siyasətə verdiyi önəmin göstəricisi olduğunu bildirib. O, Mərkəzin yarandığı gündən gördüyü işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.