DÜNYA


UNESCO-nu qeyri-obyektivlikdə günahlandıran Tokio təşkilata üzvlük haqqının ödənilməsini dayandırıb

A+ A

Tokio, 14 oktyabr, AZƏRTAC.

Yaponiya hökuməti 1937-ci ildə Çinin Nankin şəhərində törədilən qırğınlar barədə sənədləri Dünya İrs Siyahısına daxil etməklə bağlı qərarına etiraz əlaməti olaraq UNESCO-ya üzvlük haqqının ödənilməsinin dondurulduğunu elan edib.

Bununla əlaqədar, oktyabrın 14-də Tokioda keçirilən mətbuat konfransında xarici işlər naziri Fumio Kişida deyib: “Biz üzvlük haqqının ödənilməsini dayandırırıq. Bu barədə qərar müxtəlif amillərin qiymətləndirilməsi əsasında qəbul edilib”.

Rəsmi Tokio hələ ötən ilin oktyabrında UNESCO-ya üzvlük haqqının ödənilməsinin dayandırıla biləcəyinə işarə etmişdi. UNESCO-nun büdcəsinin 10,8 faizinin Yaponiya tərəfindən ödənildiyini nəzərə alsaq, bu, təşkilatın maliyyələşdirilməsinə ciddi zərbə olacaq.

Ötən il UNESCO Çin Xalq Respublikasının təklifi ilə 1937-ci ildə bu ölkənin paytaxtı olan Nankin şəhərində yapon ordusunun kütləvi şəkildə törətdiyi qırğınlar barədə arxiv sənədlərini dünya irsi sənədlərinin qorunması proqramının siyahısına daxil edib. Yaponiyanın Xarici İşlər Nazirliyi o vaxt bəyan edib ki, Pekin tərəfindən təqdim olunan sənədlər tarixi təhrif edir və birtərəfli mühakimələrə əsaslanır. Tokio Nankində törədilən qırğınları təsdiq etsə də, həlak olanların sayı barədə məlumatların dəqiq olmadığını və bununla bağlı müxtəlif fikirlərin mövcudluğunu bildirir. Buna görə də Yaponiya hökuməti yalnız Pekinin mövqeyinin əks olunduğu sənədlərin qəbulunu qeyri-obyektiv hesab edir.

Bundan əlavə, Tokio elan edib ki, o, UNESCO-da islahatların aparılmasını təkidlə tələb edəcək və Dünya İrs Siyahısının qeydiyyatı sisteminin dəyişdirilməsinə çalışacaq. Hazırda Yaponiya bir sıra ictimai təşkilatların ötən əsrin birinci yarısında işğal edilmiş ərazilərdə yapon imperiyası ordusunun əyləncə yerlərinə qadınların zorla cəlb olunması ilə əlaqədar sənədlərin bu siyahıya daxil edilməsi barədə təkliflərinin qarşısını almağa çalışır.

Xatırladaq ki, 2011-ci ildə ABŞ, Kanada, İsrail və digər ölkələr Fələstin muxtariyyətinin UNESCO-ya üzv qəbul edilməsinə etiraz olaraq bu təşkilatı maliyyələşdirməkdən imtina ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.